# HADİSƏLƏR

# İRƏVAN VAXTI

# XƏBƏRLƏR

Xocalı soyqırımının 20-ci ildönümü Vaşinqtonda anılmışdır

Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə, fevralın 22-də Azərbaycanın ABŞ-dakı Səfirliyi Vaşinqtonda anma mərasimi keçirmişdir. 


ABŞ Konqresi ərazisində yerləşən nüfuzlu “Ehtiyatda olan Zabitlər Assosiasiyası”nın binasında keçirilən anma mərasimində müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici diplomatlar, KİV təmsilçiləri, Vaşinqtonun bir sıra tanınmış beyin mərkəzlərinin ekspertləri, alim və tələbələr, iş adamları, Azərbaycan və türk diasporunun üzvləri və digər şəxslər iştirak etmişlər.


Azərbaycanın ABŞ-dakı Səfiri Elin Süleymanov çıxış edərək, ilk öncə Xocalı soyqırımının necə baş verməsi və faciənin qurbanları barədə məlumat vermişdir. Azərbaycan xalqının daima güclü etnik və dini dözümlülük ənənələri ilə fərqləndiyini qeyd edən Səfir Xocalı soyqırımı baş verərkən bu faciəni tam şəkildə anlamağın, xüsusilə etnik mənsubiyyətinə görə günahsız insanların, o cümlədən çoxlu sayda uşaq, qadın və yaşlıların belə vəhşicəsinə qətlə yetirilməsinin dərk edilməsinin hər bir azərbaycanlı üçün olduqca ağır və çətin olduğunu bildirmişdir. E.Süleymanov Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daima yaşayacağını qeyd edərək, azərbaycanlıların qisas arzusunda olmadıqlarını, yalnız ədalət və sülh istədiklərini diqqətə çatdırmışdır.


ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun icraçı direktoru Dayana Koen Altman öz nitqində Xocalı faciəsi barədə fikirlərini bölüşmüş, bu faciənin məsum qurbanlarının hər zaman yad edilməsinin vacib olduğunu bildirmiş və Xocalı barədə məlumatların gələcək nəsillərə çatdırılması üçün öz tövsiyələrini vermişdir. Bu səpkidə natiq faciə qurbanlarına dair əşyaların toplanmasının zəruri olduğunu bildirərək, Vaşinqtonda fəaliyyət göstərən Holokost Xatirə Muzeyi timsalında belə əşyaların gələcək nəsillərin məlumatlandırılması baxımından yüksək dəyər daşıyacağını qeyd etmişdir.


Sonra ABŞ-da işçi səfərdə olan AR Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva çıxış etmişlər. A.Mollazadə Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədinin Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olduğunu bildirərək, onların öz məqsədlərinə günahsız insanların qanı hesabına çatdıqlarını qeyd etmişdir. Bu kütləvi qırğını törətmiş cinayətkarların hələ də azadlıqda olduğunu vurğulayan millət vəkili  haqq-ədalətin zəfər çalacağına, bu cinayətkarların öz layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu bildirərək, bu məsələdə beynəlxalq birliyin köməyinə ehtiyacın olduğunu diqqətə çatdırmışdır.


S.Fətəliyeva Azərbaycanın bu gün 20 il öncəki Azərbaycan olmadığını, daha güclü və inkişaf etmiş dövlətə çevrildiyini bildirmiş, bununla yanaşı Xocalı faciəsinin bu gün də 20 il öncə olduğu kimi hər bir azərbaycanlını ağrıtdığını və bu ağrını unutmağın qeyri-mümkün olduğunu qeyd etmişdir. 


Nitqlərdən sonra ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov Xocalı soyqırımı qurbanlarının xatirəsinə həzin musiqi parçaları ifa etmişdir.


Mərasimdə iştirakçılar soyqırımını əks etdirən foto-sərgi ilə də tanış olmuşlar. Xocalı soyqırımı, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə kitab, broşür, jurnal və disklər iştirakçılar arasında paylanmışdır.


Azərbaycan Respublikasının ABŞ-da Səfirliyi
2741 34th Street, NW, Washington DC, 20008  - Tel.: (202) 337-3500 - Fax: (202) 337-5911
Contact: Nasimi Aghayev - E-mail: n_aghayev@azembassy.us

paylaş


 
Azerphoto logo empty logo empty logo empty logo empty logo